Əməllərin qarşılığı

Tövbə etmək və qarşılığı

İnsan qəflətə düşən, unudan, yanılan, səhv edən varlıqdır. Hər an bir çox mövzuda əskik düşünə bilər, yanlış qərar verə bilər, doğru olmayan rəftar sərgiləyə bilər. Bu səbəbdən də Allahın sonsuz şəfqəti və mərhəməti insanlar üçün çox böyük lütf və nemətdir.

Uca Allah sonsuz mərhəməti ilə insanlara hər zaman xətalarından ötrü bağışlanma diləmə və tövbə etmə imkanı vermişdir. Səmimi olaraq günahlarının bağışlanılmasını istəyən hər insan Allahdan bağışlanmağı ümid edə bilər. Rəbbimiz “Hicr” surəsində “Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm.” (Hicr surəsi, 49) şəklində buyurur.

Həyatı boyunca xətasız, günahsız, əksiksiz və qüsursuz olduğunu zənn etmək Qurana uyğun olmayan bir davranışdır. Çünki insan səhv etməyə və günah etməyə meyilli, aciz varlıqdır. Buna baxmayaraq, Allah bağışlayan və tövbələri qəbul edən olduğunu bildirmişdir. Bu görə insanın bilərək və ya bilməyərək qəflətə qapılaraq, nəfsinə uyaraq etdiyi səhvlərə görə ümidsizliyə düşməsi Quran əxlaqına uyğun olmayan rəftardır. Səhv edən mömin səhvindən ibrət almalı, peşman olub doğruya yönəlməli, vaxt itirmədən Allaha sığınmalı və bir daha o səhvi təkrarlamamaq üçün səy göstərməlidir. Əlbəttə, mömin səhv etməməyə, günah etməməyə, Allahın bildirdiyi hədləri qorumağa çox diqqət göstərir. Lakin buna baxmayaraq, səhvləri, günahları ola bilər. Xətalarından sonra tövbə edib Allahdan bağışlanma diləmək isə çox gözəl mömin xüsusiyyətidir. Allahın “Tövbələri qəbul edən” (Təvvab), “Bağışlayan” (Qafur), “Mərhəmət edən” (Rəhman) isimləri də xətalarından peşman olan və tövbə edib Allaha yönələn möminlər üzərində təzahür edir.

İnsanları din əxlaqından uzaqlaşdıran səbəblərdən biri etdikləri günahların onlarda yaratdığı günahkarlıq hissinə görə özlərini "əsla düzəlməyən, islah olmayan" insanlar hesab etməyə başlamalarıdır. Allahın Rəhman və Rəhim sifətlərini, tövbələri qəbul edən və sonsuz lütfedən olduğunu unudan bu insanları şeytan davamlı qızışdırır və günah edən bir insana "sən onsuz da günahkarsan, artıq düzəlməyin mümkün deyil, bunu belə qəbul et” təlqini verir. Daha sonra da insanı "necə olsa, bir dəfə günah etdin, təkrar etməyinin heç bir itkisi olmaz" kimi yalanlarla çox böyük bir bataqlığın içinə doğru çəkir. İnsanın günahı səbəbindən Allaha qarşı duyduğu utanc hissindən istifadə edir və bunu o insanı Allahdan tamamilə uzaqlaşdırmaq üçün sui-istifadə edir. Ancaq şeytanın hər hiyləsi kimi bu da zəifdir. Çünki bir insanın günah iş görməsi onun artıq doğru yolu tapa bilməyəcəyi demək deyil. Nəinki bir günah, ən böyük günahı dəfələrlə etmiş olsa belə, nəticədə hər zaman bunlardan peşman olub Allaha yönəlmə imkanı vardır. Allah günahlarından dolayı səmimi şəkildə tövbə edən, bağışlanma diləyib artıq o günahı etməməkdə əzm göstərən hər kəsi bağışlayacağını Quranda belə bildirmişdir:

Hər kim haqsızlıq etdikdən sonra tövbə edib (əməllərini) islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Maidə surəsi, 39)

Həqiqətən, öz Rəbbindən (Onu) görmədikləri halda, qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. (Mülk surəsi, 12)

Uca Rəbbimiz Quranda qəflətə qapılıb səhv edən və sonra səmimi olaraq tövbə edib bağışlanma diləyən insanın bağışlanacağını bildirmişdir. Möminləryanlışlarının ölçüsü nə olursa-olsun, səmimi olaraq etdiklərindən peşmanlıq duyduqları təqdirdə Allahın rəhmətindən ümidlərini kəsməməlidirlər. Çünki Allah Quranda belə bildirmişdir:

(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl (Sözə) tabe olun! (Zumər surəsi, 53-55)

...