Quranda sədaqət

Qurana sadiqdirlər

Allah müxtəlif dövrlərdə bir çox qövmə elçilər və peyğəmbərlər göndərmiş və Öz qatından haqq kitablar endirmişdir. Allah hz.Davuda Zəburu, hz.Musaya Tövratı, hz.İsaya İncili və son olaraq da hz.Muhammədə (səv) Quranı endirmişdir. Qurandan əvvəl endirilmiş kitablar təhrif edildiyinə görə Allah Quranı son kitab olaraq endirmiş və onun dəyişdirilməyəcəyini və onu qoruyacağını vəd etmişdir. Quran Allaha və rəsuluna iman edən hər insanın özünə rəhbər biləcəyi tək kitabdır.

Möminlər Qurana görə hərəkət edərlər, ancaq Qurandan əvvəl endirilmiş haqq kitablara da inanar və hörmət edərlər. Çünki Allahın “O, sənə Kitabı gerçək olaraq ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi” (Ali-imran surəsi, 3) ayəsində bildirildiyi kimi, Quran daha əvvəl göndərilmiş ilahi kitabları təsdiq edir. Buna bağlı olaraq bir mömin göndərilən bütün elçilərə də inanaraq Allahın “Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! (Nisa surəsi, 136) ayəsi ilə bildirildiyi kimi, heç birini digərindən ayırmaz. Ancaq möminlər Allahın qoruması altında olduğunu bildirdiyi Quranı özlərinə yol göstərici seçmişlər. Allah Quranda heç bir təhrifin olmadığını və qiyamətə qədər də qorunacağını bildirmişdir. “Hicr” surəsində Rəbbimiz belə buyurmuşdur:

Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9) Rəbbimizin mesaji olan Quran möminlər üçün çox əhəmiyyətlidir. Mömin Allahın özü üçün seçib bəyəndiyi dini və özünə əmr etdiyi məsuliyyətləri Qurandan öyrənir. Möminin ağlının mənbəyi də yenə Qurandır. Həyatı boyu qarşısına çıxacaq bütün hadisələrdə hərəkətlərini Allahın Quranda bildirdiyi əmr və tövsiyələrə görə yönləndirir. Allah Quranın tək rəhbər olduğunu müsəlmanlara belə bildirmişdir:

"...Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik". (Nəhl surəsi, 89)

"Bu (Quran), insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar. (İbrahim surəsi, 52) Möminlər Allahın özlərinə öyüd verdiyi əxlaqı, əmrləri, qiyamət günündə və axirət həyatında qarşılaşacaqları həqiqətləri sadəcə Qurandan öyrənirlər. Allahın “Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik” (Kəhf surəsi, 54) ayəsi ilə bildirildiyi kimi, birmöminin həyatı boyu ehtiyacı olan bütün bilgilər Quranda mövcuddur. Buna görə də möminlər daim Quran oxuyar, Allahın ayələrinə iman gətirər və qarşılaşdıqları hər hadisəni Qurana görə dəyərləndirər. Allahın Quran ilə bildirdiyi hər şey möminlər üçün bir hikmətdir(Qamər surəsi,5). Bu səbəbdən möminlər Qurana “çox möhkəm sarılar” və Allahın bildirdiyi bütün hökmləri diqqətli şəkildə tətbiq etməyə çalışırlar. Allah möminlərin Qurana olan bu güclü bağlılıqlarını belə bildirmişdir:

Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır. (Bəqərə surəsi, 121)

Kitabdan möhkəm yapışanlara və namaz qılanlara gəlincə Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik. (Əraf surəsi, 170) Allahın “Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir(Ənam surəsi, 115) ayəsi ilə bildirildiyi kimi, Quran doğruluq və ədalət baxımından əksiksizdir. Bu səbəbdən Quranı özünə rəhbər bilən möminlər həyatlarının hər anında ola biləcək ən gözəl, ən hüzurlu və ən xoşbəxt şəkildə yaşayırlar.

Möminlərin Allahın onlara “hidayət, öyüd və şəfa” olaraq endirdiyi Qurana möhkəm bağlanmaları, onların imanlarını və Allah qorxularını artırır və Allaha yaxınlaşdırır. Allah Quranda bu həqiqəti belə xəbər vermişdir:

De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, (ayələr) oxunduğu zaman üzüstə səcdəyə qapanır və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”– deyirlər. Onlar üzüqoylu düşüb ağlayır və bu ayələr onların itaətini artırır. (İsra surəsi, 107-109)

...