Bütün insanlar Allahın göndərdiyi elçiləri dinləyərək onlara itaət etməklə məsuldurlar. Elçilər Allahın əmrlərini yerinə yetirən, insanlara Allahın vəhyini çatdıran, davranış və hərəkətləri, danışıqları, qısaca, yaşam tərzləri ilə insanlara Allahın razı qalacağı insan modelini və həyat tərzini öyrədən mübarək insanlardır. Allah Quranda elçilərinə itaət edənlərin qurtulacaqlarını bildirmişdir. Bu səbəbdən elçiyə itaət etmək çox vacib ibadətdir. Allah itaətin əhəmiyyətini Quranda belə xəbər verir:
Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik... (Nisa surəsi, 64) Quranın bir çox ayəsində isə peyğəmbərlərə itaət edənlərin əslində Allaha itaət etdikləri, qarşı çıxanların da eynilə Allaha qarşı çıxdıqları belə xəbər verilir:
Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik. (Nisa surəsi, 80)
Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər. (Fəth surəsi, 10)
Bütün aləmlərə rəhmət olaraq göndərilmiş Peyğəmbərimiz (səv) də hədislərində itaətin əhəmiyyətini xatırlatmış və belə buyurmuşdur:
Kim mənə itaət edirsə, şübhəsiz ki, Allaha itaət etmişdir. Kim də mənə üsyan edirsə, şübhəsiz ki, Allaha üsyan etmişdir. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ Nəşrləri, Ankara, s. 482)
Allah Quranda Peyğəmbərimizin (səv) möminlər üçün qoruyucu və mənəvi lider olduğunu bildirir. Bu səbəbdən müsəlmanlar hər mövzuda Peyğəmbərimizlə (səv) məsləhətləşir, onun bu mövzudakı fikrini öyrənib, razılığını alaraq işə başlayırdılar. Həmçinin aralarında anlaşılmazlığa düşdükləri mövzular olduqda həll yolu tapa bilmədikləri və ya ümmətin təhlükəsizliyi, sağlamlığı, iqtisadi vəziyyəti ilə bağlı bir xəbər öyrəndikləri zaman bunu tez bir zamanda Peyğəmbərimizə (səv) çatdırar, ondan ən xeyirli və etibarlı həll yolu və ya üsul öyrənərək tətbiq edərdilər. Bu, Allahın Quranda möminlərə əmr etdiyi çox mühüm bir əxlaqdır. Məsələn, Allah bir ayəsində bütün xəbərlərin peyğəmbərə və ya onun özünə vəkil təyin etdiyi kimsələrə çatdırılmasını əmr etmişdir. Ayədə belə buyurulur:
Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, (hamınız) şeytana uyardınız. (Nisa surəsi, 83)
Bu, əlbəttə, bir çox xeyri və hikməti olan əmrdir. Peyğəmbərimizin (səv) hər əmr və hökmü Allahın nəzarəti altındadır. Dolayısilə verdiyi qərarlar hər zaman xeyirlidir. Peyğəmbərimizin (səv) hər sözü, hər qərarı, hər tədbiri möminlərə və əslində, bütün insanlara xeyir və gözəllik gətirmişdir.
Mömin Allahın və elçisinin əmrlərini səmimi itaətlə yerinə yetirər və bu zaman qəlbində kiçik belə olsa, sıxıntı və ya şübhə duymaz. Allahın və elçisinin haqqında hökm verdiyi hər şeyin ən doğru, ən gözəl və xeyirli olduğunu bilər. Bəzən şeytan elçinin dediklərindən fərqli bir şey etməsini əmr etsə də, mömin ən xeyirli yolun elçinin göstərdiyi yol olduğunu bilərək hərəkət edər. Bu təslimiyyətli və səmimi yanaşma isə yalnız möminin imanından irəli gəlir.
Bunun əksi, yəni insanın itaət edirmiş kimi görünüb qəlbən təslim olmaması ayədə də bildirildiyi kimi, onun gerçək iman sahibi olmadığını göstərir:
Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa surəsi, 65) Bir kimsə İslamdan və möminlərdən çəkindiyi üçün itaətkar davrana bilər, deyilən sözləri əksiksizcə yerinə yetirə bilər. Ancaq o insan qəlbən tam təslimiyyətlə itaət etmədiyi müddətcə həqiqətən iman etmiş olmaz. Çünki belə bir davranış o insanın qəlbində Allah və elçisi haqqında bir sıra şübhə və zənlərin olduğunu göstərir. Səmimi və ya başqa sözlə, “batini” itaətə sahib olmasa, yalnız fiziki təslimiyyət göstərərsə, bu onun etdiyi işlərin boşa getməsinə səbəb ola bilər. Görünüşdə itaət etmiş olsa belə, axirətdə bunun qarşılığını görməyə bilər. Bu səbəbdən mömin öz dünyəvi mənfəətlərinə zidd olsa belə, Allahın elçisindən gələn bir hökmü sevinc və şövqlə qarşılamalı, imanının və təslimiyyətinin ləzzətini qəlbində hiss etməlidir. Haqq olan bir şey qarşısında kədərlənib sıxıntıya düşmək, kədərlənmək İslam əxlaqına uyğun davranış deyil.