Möminlərin Allahın rizasını və cənnətini qazanmaq üçün həyatları boyu “ciddi səy”göstərmələri onların Allaha olan sədaqətlərinin sübutudur. Rəbbimiz Quranda möminlərə Allahın rizasını və axirətini qazanmaq üçün “ciddi səy” göstərməklə məsul olduqlarını buyurmuşdur. Möminlər həm öz nəfslərini imani cəhətdən kamilləşdirmək, həm də Allahın Quranda təsvir etdiyi gözəl əxlaqı insanlara anlatmaq üçün “ciddi səy” göstərərlər. Möminlərin göstərdikləri cəhd onların Allaha olan təslimiyyətlərinin verdiyi güc və əzm sayəsində ortaya çıxır. Allaha qarşı duyduqları iman nə qədər güclü olarsa, Allahın onların qəlblərinə verəcəyi şövq və həyəcan da o qədər qüvvətli olacaq. Allah Quranda möminlərə Onun yolunda ciddi səy göstərmələrini belə bildirmişdir:
Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)
Beləliklə, möminlər öz nəfslərini Allahın razı olacağı hala salmaq üçün ciddi səy göstərərlər. İnkar edən bir kimsənin iman etmədiyi müddətcə öz nəfsi ilə mübarizə aparması və bunda həyatı boyu qərarlı olub ciddi səy göstərməsi mümkün deyil. İnsanların bir qismi həyatlarını Quran əxlaqından uzaq, tamamilə öz istək və həvəslərinə görə yaşayırlar. İçlərindəki bu istəkdən əsla əl çəkmədikləri üçün Allahın rizasına görə həyat yaşamağa çalışmırlar.
Nəfsin iman etməyən insanlar üzərindəki məcburedici təsirinin olduğunu bildikdən sonra möminlərin öz nəfsləri ilə apardıqları mübarizənin böyüklüyü də ortaya çıxır. İnkar edənlər öz nəfslərinin istəklərinə məğlub olduqları halda, möminlər Allaha iman gətirdikləri və Ona qəlbən bağlı olduqları üçün nəfsləri ilə ən gözəl şəkildə mübarizə aparacaq güc və istəyə sahibdirlər. İnsanın öz həvəs və istəklərinə görə yox, sadəcə Allahın istədiyi şəkildə hərəkət etməyə çalışması, şübhəsiz ki, sadəcə Rəbbimizə qarşı qəlbən duyulacaq bağlılıqla mümkündür. Möminlər Allahın “Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur.” (Maidə surəsi, 105) ayəsinin hökmünə əsasən, dünyadakı ən böyük məsuliyyətlərindən biri öz nəfsələrini tərbiyə etmək olduğunun fərqindədirlər. Həyatları boyu daim pisliyi əmr edən və Allahın rizasından uzaqlaşdırmağa çalışan bu azğın güclə mübarizə aparırlar. Nəfslərinin aldanışlarına qarşı diqqətləri tam açıq olduğundan Allahın rizasına uyğun olmayan hərəkətlərdən çox çəkinərlər. Məqsədləri Allahın rizasını qazanmaq olduğundan Allahın “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir” (Bəqərə surəsi, 207) ayəsi ilə bildirildiyi kimi, öz nəfslərini arxa planda tutaraq daima Allahın rizasına uyğun hərəkət edərlər. Möminlərin nəfslərini Allahın razı olacağını umduqları bir hala gətirmək üçün göstərdikləri bu səmimi və təslimiyyətli səy Allaha qarşı bir ömür boyu qətiyyətlə göstərdikləri sədaqətin gözəl nümunəsidir. Möminlər bu yolda hər zaman qazanclıdırlar. Allah onları öz rəhməti və köməyi ilə dəstəkləyir və hər işlərini də xeyirlə sonlandırır.
Möminlər nəfslərinə qarşı göstərdikləri ciddi səylə yanaşı Allahın seçib bəyəndiyi, insan üçün ən uyğun həyat tərzi olan İslam əxlaqını insanlara anladaraq yaymaq və beləliklə, dünya üzərində fitnə və fəsadın sona çatması üçün də böyük cəhd göstərərlər.
Tarix boyu inkar edənlər haqq dinlərə, dolayısilə möminlərə və peyğəmbərlərə qarşı olmuşlar. Onların fəaliyyətlərinin qarşısını almağa və müxtəlif böhtanlar ataraq onları insanların gözündə alçaltmağa çalışmışlar. Hətta onlara fiziki hücumlar etmiş və güc tətbiq etməkdən də geri qalmamışlar. İman gətirənlər və peyğəmbərlər yer üzündə sülh və əmin-amanlığı bərqərar etmək, inkar edənlərin fikri və fiziki hücumlarının qarşısını almaq üçün çox böyük cəhd göstərmiş və bu yolda çətinlik və əks hücumlara məruz qalmışlar. Müxtəlif böhtanlar atılaraq olduqları şəhərdən sürgün edilmişlər. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Quran əxlaqını yaşamaqdan əsla geri dönməmiş, qınanmaqdan qorxmamış və haqsız yerə edilən təyziqlərdən təsirlənməmişlər.
Çətinliklər iman edənləri heç bir zaman zəiflətməmiş, əksinə, daha şövqlü və güclü hala gətirmişdir. Onlar Allahın “Yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır”(Əraf surəsi, 56) ayəsi ilə bildirdiyi kimi, yer üzündə ədalət, hüzur və xoşbəxtliyin bərqərar olması üçün heç bir fitnə və fəsada yer olmadığının fərqindədirlər. Bunun sadəcə Quran əxlaqının yaşanması ilə gerçəkləşə biləcəyini bildikləri üçün Quran əxlaqını insanlara anlatmaq üçün səmimi şəkildə cəhd edərlər.
Peyğəmbərimiz də “Möminin tərəzisində ən ağır basacaq şey gözəl əxlaqdır. Mütləqdir ki, Allah Təala işi və özü çirkin olan və həyasızca danışan kimsəyə büğz edər” (G. Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 15/9) və "Ruhumu qüdrəti altında saxlayan Rəbbimə and olsun ki, cənnətə sadəcə gözəl əxlaq sahibləri girər” (Tirmizi; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2-ci cild, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.792) hədisi ilə gözəl əxlaqın əhəmiyyətinə diqqət çəkmiş və möminləri bu barədə səmimi cəhd etməyə dəvət etmişdir.
Allahın və Peyğəmbərimizin (səv) gözəl əxlaq barədə tövsiyələrini bilən möminlər həm öz nəfslərinə qarşı mübarizə aparmaq, həm də Quran əxlaqını insanlara anlatmaq üçün ciddi qətiyyət göstərirlər. Onların bu yolda bütün həyatlarını və sahib olduqları hər şeyi fəda edə biləcək qətiyyət göstərmələri ancaq Qurana möhkəm sarılmaları və Allaha qarşı sədaqət və bağlılıq duyğusu içində olmaları ilə mümkün ola bilər. Allah Quranda möminlərin Allaha verdikləri sözü tutaraq Ona olan sədaqətlərini sübut etdiklərini belə bildirir:
Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər. (Bu ona görədir) ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Əhzab surəsi, 23-24)