Quranda itaət

İtaət və iman

Allaha itaət etməyin nə qədər vacib olduğunu dərk edən mömin olduqca diqqətli davranır. Heç vaxt etinasızlıq göstərmir, əmri yerinə yetirməyi gecikdirmir, verilən əmrin qarşılığında nəfsinə uyğun fikirlər irəli sürmür, əmrlə bağlı mübahisə etmir və bütün səmimiyyəti ilə verilən əmrə tam şəkildə itaət edə bilmək üçün əlindən gələn hər şeyin ən yaxşısını ən sürətli şəkildə etməyə çalışır:

Nə qədər bacarırsınızsa, Allahdan qorxun. (Peyğəmbərə) qulaq asıb itaət edin və (malınızdan) öz xeyriniz üçün xərcləyin. Nəfsinin tamahından qorunanlar nicat tapanlardır. (Təğabun surəsi, 16)

Ayədə də göründüyü kimi, insan gücü çatdığı qədər Allahdan qorxmalı və Allaha itaət etməlidir. Uca Allah Quranda itaətdən üz çevirənlərin, əslində, iman gətirmədiklərini xəbər verir:

(Münafiqlər:) “Allaha və Peyğəmbərə iman gətirdik, itaət etdik!”– deyirlər. Bundan sonra isə onlardan bir dəstə üz çevirir. Onlar mömin deyillər. (Nur surəsi, 47)

Uca Allah möminlərə itaətin vacibliyini bir çox ayələrlə xatırlatmışdır. Məsələn, elçinin verdiyi əmrlə bağlı mübahisə etməyin nəticəsi haqqında Quranda belə xəbər verilir:

Siz Allahın izni ilə (düşmənləri) qırıb-çatdığınız zaman Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, O, sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz, (Peyğəmbərin) əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra (Allah) sizi sınamaq üçün onlardan uzaqlaşdırdı. O, artıq sizi bağışladı. Allah möminlərə qarşı lütfkardır. (Ali-İmran surəsi, 152)

Məlum olduğu kimi, insanın itaət etməkdəki dəqiqliyi imanından qaynaqlanır. Başqa bir ayədə isə Allah belə buyurur:

Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa surəsi, 65)

Yuxarıdakı ayədə olduğu kimi, Nisa surəsinin 34-cü ayəsində də “səmimi itaət edənlər” ifadəsi qeyd olunmuşdur. Bu ifadəni dərin düşündükdə itaətin deyilənin edilməsi ilə yanaşı, dərin mənalar ifadə etdiyi də məlum olur.

...