Quran əxlaqı

Daim pisliyi əmr edən nəfs

İnsanın şeytan qədər diqqət etməli olduğu başqa azdırıcı ünsür də öz daxilindədir. Allah insanı yaradarkən onun nəfsinə (mənliyinə) həm yaxşılıq, həm də pislik ilham etmişdir. Bu pis tərəf insanı daim şeytanın tərəfinə çəkməyə çalışır. Quranda insan ruhundakı bu iki cəhət belə açıqlanır:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allahdan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)

İnsan ayədə ifadə edilən nəfsinin içindəki bu günahlardan xəbərdar olmalı və hər zaman bu təhlükəyə qarşı diqqətli davranmalıdır. Əgər nəfsindəki pisliyin varlığını qəbul etməsə, ayədə deyildiyi kimi, onu batırarsa, pislikdən çəkinə bilməz və ziyana uğrayar.

Buna görə də insan içindəki bu pis cəhətə qarşı diqqətli davranmalı, həmişə nəfsini təmizləməyə çalışmalıdır. Hz. Yusifin ayədə xəbər verilən “Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir” (Yusif surəsi, 53) şəklindəki ifadəsi möminin nəfsinə qarşı ehtiyatlı olmasını göstərir.

İnsan nəfsinə qarşı hər zaman bu şəkildə ehtiyatlı davranmalı, nəfsinin əmr etdiyi pisliklərə qarşı daim diqqətli olmalıdır. Çünki nəfslər xəsislik etməyə hazırdır (Nisa surəsi, 128). Bu həvəslərin insana nələr etdirə biləcəyinə də Quranda işarə edilmişdir. Məsələn, hz. Adəmin oğullarından birini qardaşını öldürməyə yönəldən şey onun nəfsidir. (Maidə surəsi, 30)

Hz. Musadan sonra Samirinin yenidən bütlərə ibadət etməsinin və qövmünü də eyni pozğunluğa yönəltməsinin səbəbi eynidir. Ayədə bu haqda belə buyurulur:

(Samiri) belə cavab verdi: “O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən bir ovuc torpaq götürdüm və onu (bəzək əşyalarının üstünə) atdım. Nəfsim məni (buna) sövq etdi”. (Taha surəsi, 96)

İnsanın qurtuluşu qısqanclıqdan, eqoizmdən, üsyan və şirkə yönəldən nəfsinin pisliklərindən çəkinməsindən asılıdır. Quranda belə ifadə edilir:

(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)

Mövzu ilə əlaqədar başqa ayələrdə də belə buyurulur:

Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə istəyini yasaq etmişsə, həqiqətən, cənnət onun məskəni olacaq. (Naziat surəsi, 40-41)

Mömin üçün ən böyük mübarizələrdən biri nəfslə aparılan mübarizədir. İman edən insan nəfsinin ona yönəltmək istədiyi eqoizm, qısqanclıq, qürur, həvəs kimi xəstəliklərə etiraz etməlidir.

Nəfs insanı boş hədəflər arxasınca aparır. İnsana daha çox mal qazanacağını pıçıldayır. Halbuki insan bu cür zövqlərin heç biri ilə qane olmaz. Nə qədər çox qazansa, daha da çoxunu istəyər. Nəfs bu halı ilə ac və əsla doymayan vəhşi heyvan kimidir.

Nəfsin qane olması isə bu müvəqqəti zövqlərin heç biri ilə deyil, ancaq və ancaq insanın Allaha sığınması ilə mümkün olur. İnsan Allaha qul olmaq üçün yaradılmışdır və “Qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır” (Rəd surəsi, 28) hökmünə uyğun olaraq bu vəzifəsini yerinə yetirib Onun rəhmətinə sarılmaqdan başqa heç bir şey ona rahatlıq və təmkinlik verməz.

Ona görə də rahatlıq tapmış nəfs ancaq inkarın hər cür pisliyindən çəkinərək iman edən nəfsdir. Allah Quranda bu nəfsə belə xitab edir:

(O gün möminə deyiləcəkdir): “Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın (cərgəsinə) keç! Cənnətimə daxil ol!” (Fəcr surəsi, 27-30)

...