Quran əxlaqı

Yanımızdakı ölüm

Cahiliyyə cəmiyyəti, adından da aydın olduğu kimi, çox məlumatsız, ağılsız və şüursuz cəmiyyətdir. Bu cəmiyyətin üzvləri həyatlarını həqiqətlərə, ağıla və məntiqə yönəltməzlər. Əksinə, boş və batil inanclar, həqiqətdən uzaq zənlər, istəklər və nəticədə, aldanmalarla yaşayarlar. Bu aldanmaların biri də ölüm haqqındakı düşüncələridir. Ölümü mümkün olduğu qədər ağıldan çıxarıb düşünməmək qənaətindədirlər.

Bu hərəkətlə, yəni ölümü nəzərə almadan əldə etmək istədikləri şey isə öz ağıllarına görə ölümdən xilas olmaqdır. Ölümü düşünmədikdə ondan uzaqlaşdıqlarını zənn edirlər. Əlbəttə ki, bu məntiq təhlükədən xilas olmaq üçün başını quma basdıran dəvəquşunun məntiqindən fərqlənmir. Halbuki bir təhlükəni görməzlikdən gəlmək, o təhlükəni yox etməz. Əksinə, o təhlükəyə hazır olmamaq və dolayısilə, daha böyük zərər görmək mənasını verər.

Mömin hər mövzuda olduğu kimi, bu mövzuda da cahiliyyə cəmiyyətinin məntiqindən tamamilə uzaqdır. Onlar kimi açıq və qəti həqiqəti yox sayaraq xəyali dünyada yaşamaz. Əksinə, indiyə qədər dünyada yaşayan bütün insanların sona çatmış həyatı ilə isbat edilmiş ölümü ciddi şəkildə düşünər. İnkarçılara isə Allahın Quranda bildirdiyi bir əmrinə uyğun olaraq belə səslənər:

De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cumuə surəsi, 8)

Ölüm unudulub düşünülməməli bir “müsibət” deyil, əksinə, insana həyatın həqiqi mənasını öyrədən və dolayısilə, üzərində düşünülməsi vacib olan böyük dərsdir. Mömin bu böyük hadisə üzərində ağıllı və səmimi şəkildə düşünər. Allahın insanı bir müddət yaşatdıqdan sonra niyə bu dünyadan ayırdığını, niyə bütün canlıları ölümlü etdiyini düşünər. Qurana görə yaradılmış hər varlıq, qısacası hər şey ölümlüdür. Bu, onların aciz və zəif qul olduqlarını göstərir. Həyatın sahibi Allahdır, yaradılmışlar ancaq Allahın diləməsi ilə həyatda yaşayır və yenə Allahın diləməsi ilə həyatlarını itirirlər. Allah ayələrində belə hökm edir:

(Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli üzü əbədidir. (Rəhman surəsi, 26-27)

Hamı öləcək və vacib olan da odur ki, heç kim nə vaxt və harada öləcəyini bilmir. Heç kimin bir dəqiqə sonra həyatda qalacağına dair zəmanəti yoxdur. Buna görə də mömin sanki hər an öləcəkmiş kimi davranmalıdır. Ölümü tez-tez düşünmək möminin ixlasını qorumasını və həmişə şüurlu hərəkət etməsini təmin edir, Allah qorxusunu artırır, nəfsini tərbiyə etməsinə kömək edir.

Quranda hər insanın bir gün öləcəyinə belə diqqət çəkilmişdir:

Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?! Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq bizə qaytarılacaqsınız! (Ənbiya surəsi, 34-35)

...