Allah hər şeyi hikmətlə yaradır. Bu hikmətlərdən biri də Rəbbimizin meydana gətirdiyi hadisələrin nəticəsinin möminlərə fayda verməsi, dinə fayda gətirməsidir. Çünki Allah möminlərlə bərabərdir. Buna görə də heç bir hadisəni möminlərin əleyhinə yaratmaz.
Möminin qarşısına çıxan bəzi hadisələr, məsələn, inkarçıların qurduğu tələ ilk baxışda mənfi, əleyhdə bir vəziyyət kimi görünə bilər, amma Allah mütləq bunda da bir xeyir yaratmışdır. Bu hadisədə nə kimi xeyirlər olduğunu da dərhal və yaxın zaman ərzində möminlərə göstərər. Buna görə, möminlər də qarşılaşdıqları hər hadisədə bir xeyir olduğunu bilməlidirlər.
Quran qissələrində bu mövzuya nümunə olan bir çox hadisə izah edilir. Hz. Yusifin həyatı bunlardan biridir. Hz. Yusif kiçik bir uşaq ikən qardaşları tərəfindən quyuya atılmış, sonra oradan xilas olmuş, ancaq bir müddət sonra günahsız olduğu halda günahlandırılaraq zindana atılmışdır.
Hz. Yusifin yaşadıqlarına bənzər vəziyyətlərlə qarşılaşan bir insan əgər imana və imanın gətirdiyi şüura sahib deyilsə, böyük uğursuzluqlarla qarşı-qarşıya olduğunu, başına fəlakətlərin gəldiyini düşünəcək. Halbuki hz. Yusif bütün bu hadisələrin Allahın nəzarəti altında baş verdiyini və hamısında mütləq xeyir olduğunu heç vaxt unutmamışdır. Belə ki, Allah bir müddət sonra bütün bu “müsibət”lərin arxasındakı xeyiri ona göstərmiş və hz. Yusif atıldığı Misir zindanlarından xilas olaraq o ölkənin rəhbərlərindən birinə çevrilmişdi.
Mindiyi gəmidə kim dənizə atılacaq deyə püşk atılan, püşk özünə düşən və dənizə atılan, sonra da nəhəng balıq tərəfindən udulan hz. Yunisin vəziyyəti də hz. Yusifə bənzəyir. Quranda hz. Yunisin Allahı zikr edənlərdən olduğu üçün oradan xilas edildiyi və sonra da mükafatlandırıldığı belə izah edilir:
Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, balığın qarnında qiyamət gününə qədər qalardı. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq. Onun başı üstündə balqabaq tağı bitirdik. Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.
Quran qissələrində izah edilən bütün bu nümunələr insana vacib dərs verir: bir hadisənin müsibət kimi görünməsi, onun həqiqətdə elə olduğu mənasını vermir. Əgər mömin Allaha güvənsə, Ondan kömək diləyib, Ona sığınsa, onun başına gələcək heç bir hadisə pis deyil. Allah yalnız onu sınamaq, Özünə olan sədaqət və inancını möhkəmləndirmək üçün müxtəlif çətinliklər meydana gətirir, amma bunların hamısının xeyirli nəticəsi var.Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır. (Ali-İmran surəsi, 180)