Quran əxlaqı

Diqqətli olmaq

Təfəkkürün əhəmiyyətli hissəsini diqqət təşkil edir. Allah bütün kainatı və kainatın hər hissəsini Öz varlığının dəlillərini göstərmək üçün yaratmışdır. Ancaq inkarçılar bu həqiqəti qavraya bilməzlər. Çünki bu incəliyi qavrayacaq görmə qabiliyyətinə sahib deyillər. Quranda ifadə edildiyi kimi “… gözləri vardır, onunla görməzlər…” (Əraf surəsi, 179). Gözləri ilə gördükləri maddi kainatın üzərindəki incə pərdəni qaldırıb, arxasındakı böyük həqiqəti dərk edəcək ağıl və qavrayışa sahib deyillər.

Mömin isə Allahın kainatı hikmətlə və məqsədli şəkildə yaratdığını qəbul edir və bununla da gözləri olduğu halda, görməyən qrupdan fərqlənir. Ancaq bu imanın ilk mərhələsidir. İman və onunla bərabər ağıl inkişaf etdikcə mömin qəbul etdiyi bu böyük həqiqəti qarşısına çıxan hər təfərrüatda yoxlamağa başlayır. İmanın bu şəkildə inkişafı üç mərhələyə ayrılır: elm əl-yəqin, ayn əl-yəqin, haqq əl-yəqin.

Bu mərhələləri açıqlamaq üçün yağış nümunəsini misal çəkə bilərik. Bayırda yağışın yağdığını bilməyin üç dərəcəsi var. Birinci dərəcədə – yəni elm əl-yəqində bir insan pəncərələri bağlı olan evdə oturduğu halda, bayırdan gələn bir insan ona yağışın yağdığını söyləyər və o da bunun doğruluğuna inanar. İkinci dərəcə - ayn əl-yəqin, yəni gözlə qavramaq dərəcəsidir: bu halda, həmin insan pəncərənin yanına gedər, pərdəni çəkər və yağışın yağdığını gözləri ilə görər. Haqq əl-yəqində isə qapını açar və evdən çıxar: artıq yağışın içindədir.

İmanın elm əl-yəqindən ayn əl-yəqinə və daha da irəliləməsi üçün lazım olan feli dualardan biri də diqqətli olmaqdır.

Quranda möminlər Allahı qavramaq üçün diqqətli olmağa çağırılırlar. Ayələrdə belə buyurulur:

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, sizin nə əməl sahibi olduğunuzu və (qullarının) Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir. (Nur surəsi, 64)

Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussilət surəsi, 54)

Allahın ayələrini hər yerdə görə bilmək üçün bu mövzu üzərində düşünmək və bunun üçün zehini öyrətmək lazımdır. Əks halda, özbaşına buraxılan zehin idarəsiz şəkildə fəaliyyətə başlayar. Bir neçə saniyə içində mövzudan-mövzuya keçib boş işlərlə özünü məşğul edər. Bu, bir növ sərxoşluqdur. Belə olduğu təqdirdə, həm ətrafında baş verən hadisələrin incəliklərini qavraya bilməz (yəni təfəkkür edə bilməz), həm də bu hadisələrə müdaxilə etmək üçün iradəyə sahib ola bilməz.

Halbuki möminlər Allahın izni ilə düşüncələrini istədiyi kimi istiqamətləndirən, ağlını hər zaman Allahı tanımaq və Onun dininə xidmət etmək üçün istifadə edən insanlardır. Bu səbəbdən, iman edən birinin ağlına boş düşüncələr gəldikdə bunu dərhal anlayar və Quranda təsvir edildiyi şəkildə zehnini bu boşluqdan xilas edər. Ağılı təmiz saxlamaq cəhdinin ən vacib hissəsi isə diqqətdir.

...