Quran əxlaqı

Təfəkkür

İnkar edənlər dünyadakı yaradılış dəlillərini görmədən yaşayırlar. İman gətirən insanın onlardan fərqi isə Allahın yaratdığı dəlilləri hər an görə bilməsidir. Mömin ətrafındakı hər incəlikdə Allahın qüdrətini və sənətini görər, Onu zikr edər və Allaha yaxınlaşmaq üçün yol tapar. Möminlərin bu xüsusiyyətləri Quranda belə izah edilir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi odun əzabından qoru! (Ali-İmran surəsi, 191)

Allah Quranın bir çox yerində “düşünmürsünüz”, “düşünənlər üçün dəlillər var” ifadələri ilə təfəkkür etməyin əhəmiyyətini vurğulayır. Bundan əlavə, Allah üzərində düşünmək üçün saysız dəlil yaratmışdır. Gördüyümüz, fərqinə vardığımız hər şey Allahın təcəllisi və dəlilidir. Bu səbəblə, göydə, yerdə və bunların arasında olan hər şey təfəkkür üçün vasitədir. Bir ayədə belə buyurulur:

(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 11)

Ayədə təfəkkür mövzusu olaraq göstərilənlərdən biri, məsələn, xurma ağacı üzərində bir az düşünək. Məlumdur ki, ağac torpağa əkilən toxumdan əmələ gəlir. Toxum kiçik cisimdir, amma necə olur ki, o toxumun içindən qısa müddət ərzində 4-5 metr uzunluğunda və yüzlərlə kiloqram ağırlığında nəhəng taxta kütləsi meydana gəlir?! Toxumun bu nəhəng taxta parçasını hazırlayarkən istifadə edə biləcəyi yeganə vəsait isə torpaqdır.

Yaxşı, bəs toxum ağac çıxarmağı haradan bilir? Necə olur ki, torpağın içindən lazımlı vəsaitləri təhlil edərək bunları taxta toxuması meydana gətirmək üçün istifadə etməli olduğunu bilir? Əmələ gətirdiyi ağacın hansı forma və quruluşa sahib olacağını necə təxmin edə bilər? Sonuncu sual xüsusilə əhəmiyyətlidir. Çünki toxumdan hər hansı bir taxta parçası çıxmır. Toxum içində damarlar olan, torpaqdakı maddələri istifadə etmək üçün lazım olan köklərə sahib olan və üst hissəsi də budaqlara ayrılan çox yaxşı hazırlanmış canlı maddə çıxarır. İnsan gözəl ağac şəkli çəkmək üçün çətinlik çəkir, çünki ağacın köklərindəki və budaqlarındakı detalları çəkmək çətindir. Halbuki toxum nəinki çəkmək, bu çox kompleks cismi torpaqdakı vəsaitləri istifadə edərək sıfırdan meydana gətirir.

Bu vəziyyətdə toxumun çox ağıllı varlıq olduğunun nəticəsinə gəlirik. Daha doğrusu, toxumun içində son dərəcə təsiredici ağıl var. Yaxşı, bu ağıl toxuma haradan və necə gəlib? Necə olur ki, bir toxum bu cür ağıl və yaddaşa sahib ola bilir?

Şübhəsiz, bunun bir cavabı var: Allah toxumu ağac meydana gətirə biləcək qabiliyyətlə yaratmış, bu əməliyyat üçün lazımi məlumatlara sahib olacaq şəkildə proqramlaşdırmışdır. Torpağa əkilən hər toxum Allahın elmi ilə əhatə edilmişdir, Onun elmi ilə böyüyür. Bir ayədə bu həqiqət belə xəbər verilir:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın yazıda (Lövhi-məhfuzda) olmasın. (Ənam surəsi, 59)

Toxumu yaradan da, torpağın içinə düşdüyü zaman onu yarıb içindən yeni bir bitkini çıxaran da Allahdır. Bu həqiqət “Ənam” surəsində belə xəbər verilir:

Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də (haqdan) döndərilirsiniz! (Ənam surəsi, 95)

Toxum Allahın kainatda yaratdığı sonsuz saydakı təfəkkür vasitəsindən, yəni iman həqiqətindən yalnız biridir. İnsan ağlını örtən qalın qəflət pərdəsini aralayıb “necə”, “niyə” kimi suallar verərək düşünsə, bütün kainatın Allahın varlığının və gücünün dəlilləri ilə dolu olduğunu rahatlıqla görə bilər.

...