Əsil ədaləti Allah Quranda belə təsvir edir: insanlar arasında heç bir ayrı-seçkilik etmədən ədalətlə hökm vermək, insanların hüquqlarını qorumaq, zülmə səssiz qalmamaq, zalıma qarşı məzlumun tərəfində olmaq, ehtiyac içində olanlara yardım etmək. Bu ədalət bir qərar vermək lazım olduqda hər iki tərəfin də hüququnu qorumağı, hadisələri hərtərəfli dəyərləndirməyi, ön mühakiməsiz düşünməyi, bitərəflik, haqq, dürüstlük, mərhəmət və şəfqət tələb edir. Bunlardan biri əksik olduqda və ya üstün gəldikdə əsl ədaləti tətbiq etmək çətinləşir. Məsələn, hadisələri soyuqqanlılıqla dəyərləndirməyən, həyəcanlı və hisslərinə qapılan insan düzgün qərar verə bilməz, hisslərinin təsiri altında qalar. Halbuki ədalətlə hökm verən insan bütün şəxsi hiss və düşüncələrini bir kənara qoymalı, ondan yardım istəyən hər iki tərəfə qarşı ədalətlə davranmağı, hər cür şərtlər altında doğru olmağı, dürüstlükdən əl çəkməməyi Quran əxlaqı ölçüsündə özünə meyar etməlidir. Bu şəxs elə əxlaqda olmalıdır ki, öz mənfəətindən əvvəl qarşı tərəfi düşünməli, özünə zərər gəlsə belə, əgər qarşı tərəf haqlıdırsa, ədalətli olmalıdır.
Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8) ayəsində də bildirildiyi kimi, Allah insanın bütün əməllərini bilir. Uca Rəbbimiz Allahdan qorxan və axirət günündə haqq-hesaba çəkiləcəyini bilən şəxs Allahın razılığını qazanmaq üçün ədalətlə hökm verər. Çünki bilir ki, Allah bütün əməllərinə, söylədiyi hər sözə və ağlından keçirdiyi hər düşüncəyə görə onu axirət günü sorğu-sual edəcək və əməllərinin qarşılığını tam verəcək.
Məhz buna görə insan Allahın rizasını qazanmaq, cəhənnəm əzabından xilas olmaq və Allahın sonsuz nemətlərinə qovuşmaq üçün Quran əxlaqı ilə tam yaşamalıdır. Bu əxlaqa yiyələnmək üçün hər kəs şəxsən cəhd etməli, nəfsinin bütün istəklərini və şəxsi mənfəətlərini bir kənara qoyub ədaləti, mərhəməti, sevgini, şəfqəti və sülhü özünə yol seçməlidir. Allah Quranda əsil ədaləti təfərrüatı ilə təsvir edir, hər cür anlaşılmazlığın ədalətlə həll olunacağını bildirir. Ədalətli rəhbərlərdən və ədalətli insanlardan ibarət cəmiyyətdə hər cür anlaşılmazlıq asanlıqla həll olunar. Quranda ədalət tam təsvir edilmiş, iman gətirənlərə qarşılaşdıqları hadisələrdə necə ədalətlə davranacaqları bildirilmişdir. Bu, iman gətirənlər üçün çox böyük asanlıq və Allahdan rəhmətdir. Bu səbəbdən də iman gətirənlər həm Allahın razılığını qazanmaq, həm də rahat, təhlükəsiz, əmin-amanlıq içində yaşamaq üçün insanlar arasında ədaləti tam tətbiq etməklə məsuldurlar.
Ədalət bütün insanlar arasında, dil, irq, etnik mənşə nəzərə alınmadan bərabər tətbiq edilməlidir
Dünyada baş verən hadisələri təhlil etdikdə ədalətin yer, zaman və şəxslərə görə fərqli şəkildə tətbiq olunduğuna şahid oluruq. Məsələn, bəzi ölkələrdə insanların dərisinin rəngi ədaləti tətbiq edən insanların qərarına təsir edir. Ağdərili insanla qaradərili insan eyni vəziyyətdə olduqda onlar haqqında ədalətlə hökm verilmir. Bəzi ölkələrdə irq çox böyük əhəmiyyət daşıyır. Keçən əsrdə Hitlerin ari irqi digər irqlərdən üstün görüb milyonlarla insanı məhz irqinə görə məhv etmək istəməsi buna nümunədir. Dövrümüzdə də milliyyətinə, dərisinin rənginə görə zalım, ədalətsiz rəftarla qarşılaşan insanlar var. ABŞ-da və Cənubi Afrikada illərlə qaradərili irqlə ikinci sinif insan kimi rəftar edilmiş, çoxlu sayda Asiya və Afrika ölkəsində məhz irq fərqinə görə şiddətli münaqişələr baş vermişdir.
Halbuki Quran ayələrində bildirildiyinə görə müxtəlif xalqların və qəbilələrin yaradılmasının hikmətlərindən biri insanların bir-birləri ilə tanış olmasıdır. Hamısı Allahın qulu olan müxtəlif millətlər və qəbilələr bir-birləri ilə tanış olmalı, yəni bir-birlərinin mədəniyyətini, dilini, adət-ənənələrini, bacarıqlarını öyrənməlidirlər. Müxtəlif irqlərin və millətlərin olmasının məqsədi münaqişə və müharibə deyil, mədəni zənginlikdir. Bu müxtəliflik Allahın yaratmasının gözəlliyidir. Bir insanın uzun, birinin qısa boylu olması, bir adamın dərisinin ağ, digərinin sarı rəngdə olması ona hər hansı üstünlük qazandırmadığı kimi, qüsur da deyil. Bunların hər biri Allahın təqdiri ilə və çox böyük hikmətlərlə yaradılmışdır. Ancaq bu fərqlərin Allah qatında heç bir əhəmiyyəti yoxdur. İman gətirən insan yeganə üstünlüyün təqva ilə, yəni Allah qorxusu və Allaha imanla olduğunu yaxşı bilir. Allah Hucurat surəsində bu həqiqəti belə bildirir:
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)
Ayədə də bildirildiyi kimi, Allahın əmr etdiyi ədalət anlayışı heç bir fərq qoymadan hər insana bərabər, tolerant və sülhsevər münasibət tələb edir.… Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan uzaqlaşmayın!.. (Nisa surəsi, 135)
Allahın bu əmrinə uyğun olaraq Allahdan qorxan mömin qarşısındakı insanın yoxsul və ya varlı olmasından asılı olmayaraq mütləq hər şərtdə ədalətlə hökm verər, insanlara maddi vəziyyətlərinə görə müxtəlif münasibət göstərməz. Çünki zənginlik və ya yoxsulluq Allahın insanları sınamaq üçün yaratdığı müvəqqəti dünya şərtləridir. İnsan öldükdə dünyadakı var-dövlətinin və mülkünün heç bir dəyəri qalmayacaq, ancaq təqvasına görə mükafat alacaq. Allahın razı olduğu davranış isə doğruluq və ədalətdir. Bu gözəl əxlaqın qarşılığı isə tükənməz axirət mükafatlarıdır.