İman gətirən bir insan səbir etməyi yalnız çətinliklərə, sıxıntılara sinə gərmək kimi məhdud anlayış olaraq dəyərləndirməz. Quranda bildirilən “Ey iman edənlər səbir edin və səbirdə yarışın...” (Ali-imran surəsi, 200) ayəsinin hökmü ilə hər vəziyyətdə ən gözəl əxlaqı göstərmək üçün Quranın bütün hökmlərini əksiksiz yerinə yetirər, Allahın qadağan etdiyi əməllərdən çəkinərək davranışlarında qərarlılıq göstərər. Bu səbəbdən Quranda təsvir edilən ideal mömin əxlaqını yaşamaqda qətiyyət göstərərək səbirlə davranar. Çünki gözəl əxlaq ancaq davamlı əmək sərf edildikdə formalaşar və bu əxlaqa yiyələnənlər də məhz elə səbir edənlərdir.
Səbir iman edən insanın həyatında müsbət dəyişikliklərə yol açar, hərəkət və davranışlarında özünü göstərər. Mömin Rəbbimizin Quranda bildirdiyi “Sən təmkinlə səbir et” (Məaric surəsi, 5) ayəsinin hökmü ilə ən gözəl şəkildə səbir edər. Təvazökarlıqda, Allah rizası üçün infaq etməkdə, öz nəfsini öndə tutmamaqda səbir göstərərək ən cəsarətli və təvazökar insan olar...
Ən gözəl əxlaqı əldə etmək üçün göstərilən səbir barədə Allah Quranda belə bir nümunə vermişdir:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. (Fusillət surəsi, 34-35)
Allah möminlərə pisliklərlə qarşılaşdıqda ən gözəl rəftarı göstərmələrini əmr etmişdir. Bu rəftarı ancaq səbir edən insanların bacara biləcəyini bildirmişdir. Bu nümunə gözəl əxlaqlı olmaq üçün səbrin nə qədər önəmli ibadət olduğunu açıq-aydın göstərir.O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. (Bəqərə surəsi, 156)
Mömin ömrünün sonuna qədər Allah üçün səbir göstərər. Quranda bildirilən “Rəbbin üçün səbir et” (Müdəssir surəsi, 7) ayəsini həyatının hər anında yaşamağa diqqət edər. Allah bu səmimiyyətlərinə qarşılıq olaraq saleh möminləri razılığı və cənnəti ilə mükafatlandıracağını müjdələmişdir. Quranda cənnətin qapısındakı mələklərin möminlərə belə səslənəcəkləri bildirilmişdir:Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir. (Rad surəsi, 24)
MÖVZU İLƏ BAĞLI AYƏLƏR :Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız! ( Ali-imran surəsi, 200)
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)
Talut qoşunla birlikdə (döyüşə) yola düşdükdə (əsgərlərinə) dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla (hamısı) ondan su içdilər. (Talut) onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra (bəziləri) dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir. (Bəqərə surəsi, 249)
Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə buna fərəhlənərlər. Əgər səbir etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir. (Ali-imran surəsi, 120)
Əlbəttə, siz səbir etsəniz, (Allahdan) qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər. (Ali-imran surəsi, 125)
Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir. (Ali-imran surəsi, 186)
(Günahkarı) cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də (ona) eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir. (Nəhl surəsi, 126)
Hər kim səbir edib bağışlasa, şübhəsiz ki, bu, məqsədə uyğun işlərdəndir. (Şura surəsi, 43)
İman gətirib xeyirxah işlər görənləri altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir. O kəslər ki, səbrli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər. (Ənkəbut surəsi, 58-59)