Əvvəlki məqalələrdə verilən nümunələrdən də göründüyü kimi, Peyğəmbərimizin (səv) Kitab əhli ilə münasibətlərinə baxdıqda onun İslamın yayıldığı ilk illərdə xristianlarla əlaqə qurduğunu anlayırıq. Müsəlmanlar Məkkədə müşriklər tərəfindən zülmə məruz qalarkən Peyğəmbərimiz (səv) onlara xristianların yaşadığı Həbəşistana hicrət etməyi demişdir. Bu ölkənin xristian hökmdarı Nəcaşi isə ölkəsinə hicrət edən müsəlmanları qəbul etmiş və çəkdikləri zülmdən onları qorumuşdur.
Quranda da hz. İsanın (əs) yanındakı həvarilər Allaha və Elçisinə bağlılıqları ilə müsəlmanlara nümunə göstərilmişdir. İlk müsəlmanlar ilə ilk xristianlar arasında böyük bənzərliklər var. İlk iman gətirən insanlar bir çox sıxıntı və işgəncəyə məruz qalmalarına baxmayaraq, elçilərə bağlılıqlarını qorumuşdurlar. Quranda hz. İsanın (əs) dövründəki ilk xristianların səmimi iman əhli, Allaha təslim olmuş müsəlmanlar olduğu belə bildirilir:
İsa onlardakı küfrü hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq! (Ali İmran surəsi, 52)
Bir zaman Mən həvarilərə: “Mənə və elçimə iman gətirin!” (–deyə) vəhy etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!”– demişdilər. (Maidə surəsi, 111)
Peyğəmbərimizin (səv) yəhudi qəbilələrinə mərhəmətli münasibəti də iman gətirənlər üçün gözəl nümunədir. Mədinədəki saziş dövrü boyu Peyğəmbrimiz (səv) yəhudilərlə mülayim davranmışdır. Bir hədisində “müsəlmanlarla yəhudilər arasında yardımlaşma, nəsihət və yaxşılıq olacaq”12 demiş və həqiqətən də, bu sözünü həyata keçirmişdir. Peyğəmbərimizin (səv) bu ədalətli və mərhəmətli münasibəti, əlbəttə, hər dindən, hər milliyyətdən olan insanlara ünvanlanır. Peyğəmbərimiz (səv) hər cür xəyanətə, hücuma və tələlərə baxmayaraq, “... insanları bağışlayırlar.” (Ali İmran surəsi, 134) ayəsində bildirdiyi kimi, həmişə bağışlama yolunu seçmişdir. “İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et.” (Nəhl surəsi, 125) ayəsində bildirildiyi kimi, həmişə gözəl öyüd-nəsihət ilə insanları İslama dəvət etmişdir.