Bu hissənin əvvəlindən bəri vurğuladığımız kimi, hz. Muhəmməd (səv) yaşadığı dövrdə bütün insanlar arasında ədaləti qorumuş, cahiliyyə inancında olan dil, irq, sosial status, etnik mənşə kimi məfhumlardan doğan üstünlük inancını təkzib etmişdir. Çünki insanlar arasında bu xüsusiyyətlərə görə ayrı-seçkilik etmək Quran əxlaqında ciddi tənqid olunur. Dövrümüzdəki ifadəsi ilə “irqi ayrı-seçkilik” Quranda qadağan olunan, ancaq cahiliyyədə geniş yayılmış fikirdir. Kitabın ilk hissəsində də izah etdiyimiz kimi, insanların müxtəlif irqlərə mənsub yaradılmalarının hikmətlərindən biri bir-birləri ilə tanış olmalarıdır. Bütün insanlar Allah qatında bərabərdir və yeganə üstünlük Allaha imandan və təqvadan qaynaqlanır.
Peyğəmbərimiz (səv) də irqi ayrı-seçkiliyin çox yayıldığı qövmünə insanlar arasındakı etnik fərqlərin heç bir əhəmiyyətinin olmadığını, hər kəsin Allah qatında bərabər olduğunu, Allaha səmimi qəlbdən iman gətirməyin əsas olduğunu bildirmişdir. Peyğəmbərimiz hz. Muhəmməd (səv) qövmünü Allaha iman gətirməyə dəvət edərkən insanlar arasında ayrı-seçkilik etməməyi əmr etmiş və belə demişdir:
“Ey insanlar, diqqətli olun! Rəbbimiz birdir. Ərəbin ərəb olmayandan, ərəb olmayanın da ərəbdən, qaranın qırmızıdan, qırmızının qaradan təqvadan başqa heç bir üstünlüyü yoxdur. Şübhəsiz ki, Allah Təala qatında ən üstün olanınız Allah Təaladan ən çox qorxanınızdır.”2
Peyğəmbərimiz (səv) Allahın insanları yoxdan yaratdığını, hər kəsin bərabər yaradıldığını və hər kəsin Allah qatında tək hesab verəcəyini, buna görə də insanların əsil-nəcabətinə baxaraq qiymət verməyin böyük səhv olduğunu açıqlamışdır.
Əbu Hüreyrədən (ra) rəvayətlə, Rəsululllah (səv) belə buyurmuşdur:
“Ey insanlar! Hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdan yaradılmışdır. İnsanlar mütləq və mütləq irqləri ilə öyünməkdən əl çəkməlidirlər.”3
Başqa bir hədisində isə hz. Muhəmməd (səv) insanlar arasında təqvadan başqa üstünlük olmadığını belə bildirir:
“Sizin bu əsil-nəcabətiniz kimsəyə qarşı üstünlük və təkəbbür göstərmək üçün səbəb deyildir. (Ey insanlar)! Hamınız Adəmin övladlarısınız. Hamınız bir qabın içindəki bir-birinə bənzər buğda dənələri kimisiniz... Halbuki kimsənin kimsədən, din və təqva istisna olmaqla, üstünlüyü yoxdur. İnsana pis olması üçün başqalarını tənqid etməsi, özündən aşağı görməsi, xəsis, bədxasiyyət, həddi aşmış olması kifayətdir.”4
Peyğəmbərimiz (səv) bütün həyatı boyu insanlara cahil, azğın inanclarını bir kənara qoyub Quranda əmr edilən düşüncə tərzi ilə yaşamağı tövsiyə etmişdir. Quranda isə irqi ayrı-seçkilik təəssübkeşlik adlandırılmış, insanların bu yanlış əxlaqı tənqid edilmişdir. Bu barədə bir ayə belədir:
Kafirlər öz ürəklərində cahiliyyət təkəbbürü təəssübünə qapıldıqları zaman Allah Peyğəmbərinə və möminlərə öz dərgahından arxayınlıq göndərmiş və onlara təqva kəlməsini xas etmişdi. Onların bu sözə daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir! (Fəth surəsi, 26) Allahın yuxarıdakı ayəsində bildirilən dəvətini qəbul edən müsəlmanlar həm Peyğəmbərimiz (səv) dövründə, həm də ondan sonra gələn ədalətli rəhbərlərin dövründə sülh və əmin-amanlıq içində yaşayıblar.