Quranda itaət

İtaətdən boyun qaçırdan nəfs

İnsan onu "eşitdik və itaət etdik" deməkdən uzaqlaşdıran səbəblərə qarşı olduqca diqqətli olmalıdır. Bunların ən vacibi "həva", yəni insanın eqoist ehtiras və istəkləridir. Nəfs hz. Yusifin Quranda bildirilən ifadəsi ilə "... var gücü ilə pis işləri əmr edir." (Yusuf surəsi, 53). Bir halda ki, nəfs insana "var gücü ilə pisliyi əmr edir", o halda, insan da nəfsin ona verdiyi əmrlərə qarşı olduqca ayıq olmalıdır.

Bu məqamda bir şeyə diqqət edilməlidir: Şübhəsiz ki, cahil cəmiyyətin içindən çıxan və möminlərlə yeni tanış olan insan nəfsindən onu "pisliyə" yönəldən bir çox əmr alır. Nəfsi onu mümkün olduğu qədər öz istək və ehtiraslarına tabe olmağa yönəldir və dindən uzaqlaşdırmağa çalışır. Möminlərin izah etdiyi, ya da Qurandan oxuduğu bütün doğrulara qarşı nəfsi ona bəzi boş düşüncələr və şübhələr verir. Vicdanı və ağlı ona möminlərlə birlikdə olmağı əmr etdiyi halda nəfsi onu cahil cəmiyyətə yönəltməyə çalışır.

Bu səbəbdən dini öyrənməyə çalışan və möminlərlə birlikdə olan insan davranışlarına diqqət etməli, istəklərini müəyyən etməlidir. Görəsən, davranışlarının qaynağı nəfsinin istəkləridir, yoxsa Allahın rizası və vicdanıdır? Bu mövzuda bəzi təməl ölçülər qoyula bilər. Allah Quranda bizə əhəmiyyətli ölçü verir: "Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbrli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!" (Kəhf surəsi, 28)

Ayə möminlərə hansı davranışın Allahın razılığına uyğun olduğunu, hansı davranışın isə nəfsdən qaynaqlandığını bildirir. "Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə” olmaq Allahın razılığına uyğun davranışdır. Bundan fərqli olaraq, “qəlbi Allahı anmaqdan xəbərsiz olan” və “nəfsinin istəklərinə uyan” insanlara yönəlmək, onların həyat tərzinə meyil etmək, tamamilə nəfsani davranış, Allaha qarşı itaətsizlikdir. Bu olduqca mühüm ölçüdür və İslam əxlaqı ilə yeni tanış olan insanın ən çox diqqət etməli olduğu mövzuların başında gəlir.

Səmimiyyətdən məhrum olan və ya nəfsinin təlqinlərinin təsirində qalan insanlar möminlərlə birlikdə olmaq üçün belə bir səy göstərmirlər. Nəfsi onlara bəzi bəhanələr gətirir və bu bəhanələr vasitəsi ilə möminlərlə birlikdə olmaqdan imtina etdirməyə çalışır. Onlar da möminlərə qarşı bu bəhanələri irəli sürürlər. Bunlarla möminləri aldadacaqlarını düşünürlər. Halbuki, qarşıya qoyduqları bəhanələr nə Allah Qatında, nə də möminlərin gözündə etibarlıdır.

...