İTAƏTDƏN ÇIXMIŞ ŞEYTANIN TƏLQİNLƏRİDİR
Şeytan onu yoxdan yaradan və ona sahib olduğu bütün xüsusiyyətləri verən Allaha qarşı çox nankordur. Nankorluq edərək həddini bilməyib baş qaldırmış və itaətdən çıxmışdı. Quranda şeytanın bu halı "və (onu) hər bir asi şeytandan mühafizə etdik." (Saffat surəsi, 7) ayəsi ilə xəbər verilir. Mömin şeytan kimi itaətdən çıxıb baş qaldırmaq və nankor biri olmaqdan çox qorxur və qeyd-şərtsiz itaət içində olur.
Şeytan daima insana din əxlaqını yaşamağın, Allaha və Rəsuluna itaət etməyin onun azadlığını məhdudlaşdıracağını fısıldayır. İman gətirməyənlərin nə qədər azad və istədikləri kimi yaşadıqlarını, istəsələr özlərinin də onlar kimi olacağını təlqin edir. Ancaq bu, şeytanın sadəcə göz boyayan, ilk baxışda cazibəli görünən təlqinidir.
Çünki Allahın əmrlərinə itaət etmədən yalnız nəfsinin istək və arzularına görə yaşayan insan azadlığına qovuşacağını zənn edir. Əslində isə tabe olduğu və onu məhdudlaşdıran, məcburiyyətlərlə dolu və bir çox mövzuda qadağalar qoyan dindənkənar sistemi yaşayaraq əsl azadlığını itirir. Həmçinin, azadlıq adlandırılan bu hal imanın qazandırdığı şüur və ağıldan uzaq olan, olduqca etibarsız və hər cür təhlükənin mövcud olduğu mühitdir. Şeytanın həvəsləndirdiyi saxta azadlıq zaman keçdikcə "sahibsizlik", "tənhalıq və boşluq" hissləri ilə əvəz olunaraq insanı depressiyaya sürükləyir.
Halbuki şeytanın vəd etdiyindən fərqli olaraq əsl azadlıq ancaq din əxlaqı tam yaşananda əldə edilir. Haqq din cəmiyyətin insan üzərindəki təzyiq və yönləndirici qanunlarını, eləcə də insanın özünə qoyduğu qayda, prinsip, fanatizm və mənfi təlqinləri qırıb yox edir. Bu səbəbdən insan əsl azadlığı ancaq Rəbbimizin bildirdiyi din əxlaqına tabe olmaqla əldə edir.