Quranda şəfqət və ədalət

Peyğəmbərlər ədalət gətiriblər

İnsanların böyük əksəriyyətinin fikrincə, kitabın birinci hissəsində təsvir etdiyimiz ədalətin hakim olduğu mühit sadəcə kitablarda təsvir edilən və insanların xəyallarını bəzəyən utopiyadır. Bu düşüncəyə görə əsil ədalətin hakim olduğu cəmiyyətin olması əsla mümkün deyil. Halbuki bəşəriyyət tarixi boyu Quranda əmr edilən ədalətin hökm sürdüyü, insanlar arasında əmin-amanlıq, sevgi və təhlükəsizliyin olduğu dövrlər olmuşdur.

Allahın insanları xəbərdar etmək üçün göndərdiyi elçilərin yaşadığı cəmiyyətdə tolerantlıq, sülh və ədalət hökm sürmüşdür. Allahın “Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.” (Yunus surəsi, 47) ayəsində bildirdiyi kimi, bu dövrlərdə heç kimə zülm edilməmiş, insanlar arasında ədalət hakim olmuşdur.

Allah bütün elçilərinə insanlar arasında ədalətlə hökm verməyi əmr etmişdir. Hz. İsaya (əs), hz. Musaya (əs), hz. Davuda (əs) nazil edilən kitablarda, həmçinin hz. Muhəmmədə (səv) nazil edilən Quranda da insanlar gözəl əxlaqa, sevgiyə, sülhə və əmin-amanlığa dəvət ediliblər. Allah “Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar...” (Hədid surəsi, 25) ayəsi ilə elçilərin göndərilmə səbəblərindən birinin ədaləti bərqərar etmək olduğunu bildirir.

Quranda insanlar arasında ədalətlə hökm verməsi ilə nümunə göstərilən peyğəmbərlərdən biri hz. Davuddur (əs). Hz. Davudun (əs) yanına aralarında anlaşılmazlıq olan iki mübahisəçi gəlmiş və ondan aralarında haqq ilə hökm verməsini istəmişdirlər:

Çəkişənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girdilər. Onlar Davudun yanına daxil olduqda (Davud) onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər! Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. (Bununla belə:) “Onu mənə ver!”– dedi və mübahisədə mənə üstün gəldi”. (Sad surəsi, 21-23)

Ayədə də bildirildiyi kimi, iki mübahisəçi Allahın elçisindən aralarında hökm verərkən haqsızlıq etməməyi və onlara düz yolu göstərməyi istəmişdir. Onun ədalətlə qərar verəcəyinə güvənmiş və qərarına təslim olmuşdurlar. Ayədə xəbər verildiyi üzrə, hz. Davudun (əs) cavabı belə olmuşdur:

(Davud) dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!”... (Sad surəsi, 24)

Hz. Davudun (əs) bu qərarı iman gətirənlər üçün gözəl örnəkdir. Çünki Davud peyğəmbər (əs) güclünün deyil, haqqın və doğrunun tərəfində olmuş, ədalətlə hökm vermişdir. Allah həmin surənin 25-ci ayəsində hz. Davudun (əs) gözəl əxlaqını “...Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.” deyə tərifləmiş, gözəl məkanla müjdələmişdir. 26-cı ayədə isə Allah hz. Davuda (əs) “Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları Hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir” hökmü ilə ədalətin əhəmiyyətini bildirir.

Mədyən xalqına göndərilən hz. Şueybin (əs) qövmü də ticarətdə ədalətsiz davranırdı. Çəkini və tərəzini tam tutmur, əşyaların dəyərini əskildir, insanları aldadırdılar. Hz. Şueyb (əs) qövmünə bu ədalətsiz davranışlarına görə xəbərdarlıq etmiş, onları ədalətə dəvət etmişdir. Ayələrdə belə bildirilir:

Mədyən qövmünə də qardaşları Şueybi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əskik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir. (Əraf surəsi, 85)

Başqa bir ayədə isə hz. Şueyb (əs) qövmünə Allah rizası üçün əldə edilən halal qazancın onlar üçün daha xeyirli olduğunu xatırlatmış, ədalətlə davranmağı demişdir:

Ey qövmüm! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin, insanların mallarını əskik verməyin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin! Əgər möminsinizsə, Allahın (halal olaraq) verdiyi mənfəət sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm!” (Hud surəsi, 85-86)

Quranda hz. Musanın (əs), hz. İsanın (əs), hz. Yusufun (əs) və digər peyğəmbərlərin ədalətli davranışlarına dair çoxlu nümunə verilmiş, onların göndərildikləri qövmləri gözəl əxlaqa dəvət etmələri ətraflı izah edilmişdir.

Peyğəmbərimiz hz. Muhəmməd (səv) də bütün həyatı boyu Allahın Quranda “...Allah şahidləri kimi ədaləti qoruyun...” (Nisa surəsi, 135) əmrinə uyğun olaraq göndərildiyi qövmdə ədaləti tam tətbiq etmişdir. Onun ədaləti tətbiq etməkdə dəqiqliyi və gözəl əxlaqı insanların ona etibarının qat-qat artmasına və Allahın dininə bağlanmalarına səbəb olmuşdur. Hətta Quranın nazil edildiyi ilk illərdə bir çox tanınmış inkarçılar Peyğəmbərimizin (səv) gözəl əxlaqı və ədalətli qərarlarına görə səmimi qəlbdən ona təslim olub İslamı qəbul etmişdirlər.

Peyğəmbərimizin (səv) həyatında bu cür bir çox hadisə baş vermişdir. Bu hadisələrin böyük hissəsi də istər Peyğəmbərimizin (səv) hədislərində, istərsə də İslam tarixində bildirilərək bizə gəlib çatmışdır. Peyğəmbərimiz (səv) ədalətli, mehriban, mərhəmətli, şəfqətli davranışı ilə hər dövrdə onun ardınca gedən müsəlmanlar üçün gözəl nümunədir. Onun hər rəftarında, hər sözündə, hər icraatında iman gətirənlər üçün hikmətlər var. Allah Peyğəmbərimizin (səv) üstün əxlaqını və müsəlmanlara sevgisini bir ayədə belə bildirmişdir:

Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir. (Tövbə surəsi, 128)

...