Quranda itaət

Möminlər hər vəziyyətdə itaət edirlər

İman gətirməyən insanlar da bəlkə bəzi kiçik çətinliklərin öhdəsindən gələrək itaət edə bilərlər. Halbuki hər cür çətinlik və sıxıntıda qeyd-şərtsiz olaraq edilən itaət möminlərə xas xüsusiyyətdir. Quranda Peyğəmbər dövründəki münafiqlərin Allah yolunda aparılacaq mübarizəni çətin görərək döyüşə getmədikləri bildirilir. Amma əgər “gəlir gətirən və yüngül bir yürüş” olsa idi, gedəcəkdilər: (Sizə) yüngül (gəlsə də), ağır (gəlsə də), döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir. Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsa idi, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsa idi, biz də sizinlə bərabər çıxardıq!”(– deyə) Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. (Tövbə surəsi, 41-42)

Möminin sahib olduğu ən önəmli xüsusiyyətlərdən biri isə nə olursa olsun, itaət etməsidir. Quranda bu mövzuda gerçək möminlərlə ikiüzlülər (münafiqlər) arasındakı fərq belə bildirilir:

(Münafiqlər:) “Allaha və Peyğəmbərə iman gətirdik, itaət etdik!”– deyirlər. Bundan sonra isə onlardan bir dəstə üz çevirir. Onlar mömin deyillər. Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqları zaman onlardan bir dəstə üz çevirir. Onlar haqlı olsa idilər, itaət edib onun yanına gələrdilər. Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allahın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, məhz onlar zalımdırlar. Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!”– demələridir. Nicat tapanlar da məhz onlardır. Allaha və Onun Elçisinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz onlar uğur qazananlardır. (Münafiqlər) Allaha çox möhkəm and içdilər ki, əgər sən onlara əmr etsən, onlar mütləq (döyüşə) çıxacaqlar. De: “And içməyin! İtaətiniz bəllidir. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”. De: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, (bilin ki,) o ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğat aparmaqdır. (Nur surəsi, 47-54)

Möminlərin səmimi itaətlərinin və itaətin hikmətinin vacibliyini göstərən başqa bir xatırlatma isə Allahın Quranda xəbər verdiyi Talut və ordusu ilə bağlı hadisədir. Quranda bildirildiyinə görə, Allahın elçisi olan Talut ordusu ilə birlikdə düşmən ordusuna qarşı mübarizə aparmağa gedərkən ordusundakıları xəbərdar etmiş və irəlidə qarşılaşacaqları çaydan su içməmələrini söyləmişdir. Həmin ayə belədir: Talut qoşunla birlikdə (döyüşə) yola düşdükdə (əsgərlərinə) dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla (hamısı) ondan su içdilər. (Talut) onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra (bəziləri) dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbr edənlərlədir. (Bəqərə surəsi, 249)

Ayədən məlum olduğu kimi, Talutun əmrinə itaət etməyənlər gücsüz qalmışlar. Talutun əmrini yerinə yetirənlər isə güc qazanmış və Allahın izni ilə sayca çox az qalmalarına baxmayaraq, qalib gəlmişlər. Bunlar Allahın Quranda bildirdiyi sirlərdir. Güc, zəfər və üstünlük insanların düşündüyü kimi, maddi imkanlarda, sayca üstünlükdə, şan-şöhrətdə və ya fiziki xüsusiyyətlərdə deyil. Kim Allahın hüdudlarını qoruyar, Allaha və elçisinə itaət edərsə, Allah o insanı bütün insanlardan üstün edər, o insanı ağıl, sağlamlıq, gözəllik, ruzi, zənginlik kimi saysız-hesabsız nemətlərlə mükafatlandırar. Axirətdə isə onlar üçün daha gözəl və ehtişamlı bir həyat hazırlamışdır.

...