Quranda fərqli insanlar haqqında geniş bəhs olunur. Möminlər və inkarçılar arasındakı böyük fərqlərdən biri də sədaqət mövzusudur. İnkarçılar əsla həqiqi sədaqətə sahib olmazlar. Məsələn, yalnızca öz mənfəətlərini düşündükləri üçün bu mənfəətlər uğrunda sevdiklərini söylədikləri insanları (dostlarını, qohumlarını) rahatlıqla aldadarlar. Doğru olduğunu bildikləri yoldan asanlıqla geri dönərlər.
Halbuki möminlər tamamilə fərqlidirlər. Onların meyarı öz kiçik mənfəətləri deyil, Allahın rizasıdır. Yalnızca Allah istədiyi şəkildə davranırlar. Buna görə də sevdiklərini (yəni digər möminləri) kiçik hesablar uğrunda tərk etməz və ya çətinliklərdən ötrü doğru bildikləri yoldan geri dönməzlər. Möminlərə, xüsusilə də peyğəmbərə və ya əmr sahiblərinə böyük sədaqətlə bağlıdırlar. Allah möminlərin sədaqətini belə bildirir:
Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər. (Əhzab surəsi, 23)
Sədaqət möminləri birləşdirər. Əzmin ən əsas göstəricisi olan bu xüsusiyyət tənbəlliyin yaranmasına mane olan mömin xüsusiyyətlərindən biridir. Ən kiçik sədaqətsizlik insanın özünə olan hörmətinin itməsinə səbəb olur. Özünə olan hörmətini itirən insan isə getdikcə sədaqətini daha da itirir. Belə halda insan daha sonra müşrik, münafiq və hətta kafir belə ola bilər. Çünki edilən sədaqətsizlik daha böyük nəticələrə gətirib çıxara bilir. Sədaqətsizlik edən insan əvvəlcə bu hərəkətini möminlərdən gizlədərək saxtakarlıq etməyə başlayır. Bir- birinin ardınca söylədiyi yalanlarla möminləri aldatmağa çalışır. Beləliklə, daha çox yalan söyləməyə başlayır və möminləri aldada bildiyini zənn edir. Beləcə, getdikcə daha fərqli bir həyat tərzi yaşamağa başlayır. Bu həyat tərzini yaşamağa başlayan insan möminlərdən ayrılır, onlara qarşı sevgi bəsləmir və möminlərdən yalnızca mənfəət əldə etməyə çalışır. Allahın rizasını deyil, insanların razılığını qazanmağa çalışan və onların qarşısındakı etibarını qoruyub saxlamağa səy göstərən bu cür insan necə aciz vəziyyətə düşdüyünün fərqində olmur. Yalanları möminlər tərəfindən bir-bir ifşa olunmağa başlayan bu zavallı insan münafiqliyə doğru addım-addım irəliləyir. Sədaqətsizliyini bəhanələrlə gizlətməyə çalışır. Vəziyyət belə olduqda isə bu insan möminlərdən ayrılıb, müşrik, münafiq və hətta dinsizlərlə belə ittifaqa girə bilir.Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik. (Nisa surəsi, 80)
Sədaqət mövzusu möminin ən həssas davranmalı olduğu mövzulardandır. Quranda peyğəmbərlə birlikdə aparılan mübarizədən qaçmağa çalışan münafiqlərdən bəhs edilərkən onların əvvəlcə sədaqət göstərəcəklərinə dair and içdikləri xəbər verilir və bu andın ağır bir məsuliyyət olduğu bildirilir:Baxmayaraq ki, onlar bundan əvvəl (cihaddan) boyun qaçırmayacaqlarına dair Allaha söz vermişdilər. Onlar Allaha verdikləri sözə görə sorğu-sual olunacaqlar. (Əhzab surəsi, 15)
Şübhəsiz ki, sədaqətin ən açıq göstəricisi itaətdir. Allaha verilən sədaqət sözü ağır məsuliyyətdir. Buna görə də Allah möminlərə belə əmr edir:Allahla bağladığınız əhdi ucuz qiymətə satmayın. Əgər bilirsinizsə, Allahın dərgahında olan (savab) sizə daha xeyirlidir. (Nəhl surəsi, 95)