Mövzu ilə bağlı Quran ayələri
Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar. (Bəqərə surəsi, 279)
Bundan sonra tövbə edib (öz əməllərini) islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Ali-İmran surəsi, 89)
Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini bir daha artıran kimsələrin tövbəsi qəbul olunmayacaq. Məhz onlar doğru yoldan azanlardır. (Ali-İmran surəsi, 90)
Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir. (Nisa surəsi, 17)
Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq. (Nisa surəsi, 18)
Allah sizə (şəriət hökmlərini) bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah Biləndir, Müdrikdir. (Nisa surəsi, 26)
Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə (haqdan uzaqlaşmağa) yönəldərlər. (Nisa surəsi, 27)
Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər. ( Nisa surəsi, 64)
Tövbə edənlər, (əməllərini )islah edənlər, Allahdan möh-kəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir. (Nisa surəsi, 146)
Sizə məğlub olub əlinizə keçməzdən öncə tövbə edənlər olarsa, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir. (Maidə surəsi, 34)
Hər kim haqsızlıq etdikdən sonra tövbə edib (əməllərini) islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Maidə surəsi, 39)
Onlar Allaha tövbə edib Ondan bağışlanma diləməyəcəklər? Allah ki Bağışlayandır, Rəhmlidir. (Maidə surəsi, 74)
Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə (onlara) de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib (əməllərini) islah etsə, (Allah onu bağışlayar). Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”. (Ənam surəsi, 54)
Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir. (Əraf surəsi, 153)
(Bu,)Allah və Onun Elçisi tərəfindən ən böyük həcc günü insanlara Allahın və Onun Elçisinin müşriklərdən uzaq olma-sını (elan edəcək) bir bildirişdir. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Yox əgər üz döndərsəniz, bilin ki, siz, Allahdan yaxa qurtara bilməyəcəksiniz. Kafirləri üzücü bir əzabla müjdələ. (Tövbə surəsi, 3)
Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir. (Tövbə surəsi, 5)
Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələri bilən adamlara beləcə izah edirik. (Tövbə surəsi, 11)
Və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 15)
Bundan sonra isə Allah istədiyinin tövbəsini qəbul edər. Çünki Allah Bağışlayandır, Rəhmlidir. (Tövbə surəsi, 27)
Allaha and içirlər ki, (nalayiq sözlər) deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar. Onların intiqam almağı yalnız Allahın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir. Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi vardır. (Tövbə surəsi, 74)
Digərləri isə günahlarını etiraf etdilər. Onlar yaxşı bir əməllə başqa bir pis əməli qarışdırdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Tövbə surəsi, 102)
Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədəqələri götürür və Allah tövbələri qəbul Edəndir, Rəhmlidir? (Tövbə surəsi, 104)
(Döyüşə getməyənlərdən) başqaları da (vardır ki, onlar) Allahın ixtiyarına buraxılmışlar. O, ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 106)
Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan (yaxud cihad edən), rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməllərə qadağan edən və Allahın hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə surəsi, 112)
Allah, (müsəlmanlardan) bəzilərinin qəlbi (cihaddan) yayınmaq üzrə olduqdan sonra, Peyğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da (əvvəlcə) tövbəsini qəbul etdi, sonra da onları bağışladı. Çünki (Allah) onlara (müsəlmanlara) qarşı Şəfqətlidir, Rəhmlidir. (Tövbə surəsi, 117)
Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir. (Tövbə surəsi, 118)
Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar. (Tövbə surəsi, 126)
Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər (Ondan) üz çevirsəniz, (bilin ki), mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram. (Hud surəsi, 3)
Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin”. (Hud surəsi, 52)
Səmud qövmünə də qardaşları Salehi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Yaxındır, (çağırışa) cavab verəndir”. (Hud surəsi, 61)
Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim Rəhmlidir, Sevəndir (həm də Seviləndir). (Hud surəsi, 90)
Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də doğruçu olun. Həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görür. (Hud surəsi, 112)Şübhəsiz ki, Rəbbin, avamlıqları üzündən pis iş görən, ondan sonra tövbə edib özlərini islah edənləri, (bütün) bunlardan sonra, əlbəttə ki, Rəbbin bağışlayacaq və rəhm edəcək. (Nəhl surəsi, 119)
Ancaq (Allaha) tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar. (Məryəm surəsi, 60)
Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram. (Taha surəsi, 82)
Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və (onu) doğru yola yönəltdi. (Taha surəsi, 122)
Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Nur surəsi, 5)
Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və Müdrik olmasa idi (yalan danışanlar Allahın lənətinə gələrdilər). (Nur surəsi, 10)
Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. (Nur surəsi, 31)
Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! (Furqan surəsi, 70)
Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar. (Furqan surəsi, 71)
Tövbə edib iman gətirən və yaxşı işlər görən kimsəyə gəlincə, ola bilsin ki, o, nicat tapanlardan olsun. (Qəsas surəsi, 67)
(Bu ona görədir) ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Əhzab surəsi, 24)
(Bu əmanət insana ona görə verildi) ki, Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah Bağışlayandır, Rəhmlidir. (Əhzab surəsi, 73)
(Bu), günahları Bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan lütf sahibindəndir!Ondan başqa məbud yoxdur. Dönüş də Onadır. (Mömin surəsi, 3)
Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər: “Ey Rəbbimiz! Sən mərhəmətin və elminlə hər şeyi əhatə edirsən. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından xilas et! (Mömin surəsi, 7)
Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur. (Şura surəsi, 25)
Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. (Hücurat surəsi, 11)
Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. (Hücurat surəsi, 12)
Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz (bunu) etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır. (Mücadilə surəsi, 13)
Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Təhrim surəsi, 8)
Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi (bəzən) gecənin üçdə ikisindən az, (bəzən) yarısını, (bəzən də) üçdə birini (ibadət üçün) durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə (namaz qılarkən) Qurandan (sizə)asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə (namaz qılarkən) Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. (Bu dünyada) qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir! (Müzəmmil surəsi, 20)
Şübhəsiz ki, mömin kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir. (Büruc surəsi, 10)